Məlahət Qüsuri: Jurnalist Əvəz Zeynallıya göz əməliyyatı üçün şərait yaradılmır

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Təcridxanasında saxlanılan Əvəz Zeynallının təcili katarakta əməliyyatına ehtiyacı var, amma bunun üçün şərait yaradılmır.

Bu barədə Amerikanın Səsinə jurnalistin həyat yoldaşı Məlahət Qüsuri bildirib.

Onun sözlərinə görə, ailə əməliyyatı DTX-nin hospitalında və ya mülki klinikada etmək xahişi ilə müraciət edib. Ailəyə səbr etməyi tövsiyə edirlər, məsələnin həll olunacağını deyirlər.

O, qeyd edib ki, əməliyyat hələ Zeynallı həbs edilməzdən əvvəl təyin edilib, amma həbs səbəbindən baş tutmayıb.

Zeynallı hipertoniya və şəkərli diabetdən əziyyət çəkir.

"Onun ailə üzvləri ilə telefon danışığı və görüş hüquqlarının pozulması, verilən dərmanlara baxmayaraq, onun səhhətini pisləşdirir," Qüsuri deyib.

Məlahət Qüsuri yanvarın 24-də Baş Prokurorluğun İstintaq İdarəsinin binası qarşısında Zeynallının hüquqlarının təmin edilməsi tələbi ilə etiraz aksiyası keçirib.

"İstintaq İdarəsinin rəis müavini 2-3 gün ərzində məsələyə baxacağına və həll edəcəyinə söz verib. Amma bir həftəyə yaxın vaxt keçib və heç bir nəticə yoxdur. Əvəzin hüquqları təmin olunana qədər mən hər çərşənbə axşamı Prokurorluğun qarşısında aksiya keçirəcəyəm. Sabah saat 11-də yenə etiraz aksiyası keçirəcəm. Dostlar və tanışlar da mənə qoşulacaq," o bildirib.

Vəkil Elçin Sadıqov və "Xural TV" saytının təsisçisi Əvəz Zeynallı sentyabrın 10-da rüşvət almaqda şübhəli bilinərək saxlanılıblar, sentyabrın 11-də isə məhkəmə hər ikisini həbs edib.

Sentyabrın 17-də Bakı Apellyasiya Məhkəməsi Sadıqovu ev dustaqlığına keçirib.

Sonradan Zeynallıya qarşı Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri)) maddəsi ilə yeni ittiham irəli sürülüb. Dekabrın 29-da Zeynallının həbs müddəti 3 ay uzadılıb.