Məddah Vüqar Rəsulov 3 il azadlıqdan məhrum edildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində məddah Vüqar Rəsulova (Vüqar Rəsul) hökm oxunub. Azad Məcidovun hakimliyi ilə keçən məhkəmədə məddah Vüqar Rəsulun CM-nin 234.3.4-cü maddəsi ilə başlanan cinayət işinə baxılıb. Dövlət iddihamçısı Fariz Rzayev maddəyə müvafiq olaraq Vüqar Rəsula 7 il 6 ay iş istəsə də, vəkili Rəşad Miriyev müdafiə etdiyi şəxsin qeyd olunan maddə ilə ittihamını əsassız sayıb. Sübutların yetərli olmadığını qeyd edən vəkil maddənin dəyişdirilməsini hakimdən istəyib. Hakim Azad Məcidov vəkilin iddialarını haqlı hesab edərək maddəni C.M-nin 234.3.4-dən (satış məqsədilə külli miqdarda narkotik maddə əldə etmə, daşıma, saxlama) 234.1-ə (satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq narkotik daşınması, saxlanması və s. görə) tövsif edib və Vüqar Rəsulu 234.1-ci maddə ilə müqəssir bilərək onu 3 il müddətinə azadlıqdan məhrum edib.

Vüqar Rəsul uzun illərdir ki, Əhli-beyt (ə) təbliğçisi olaraq mədhiyyə ilə məşğuldur. Müxtəlif dini qruplarda çalışan məddahın özünəməxsus xüsusi ifası inanclılar tərəfindən sevilir. Onun inancına ehtiramı birmənalıdır ki, haqqında iddia olunan cinayət işi tamami ilə qurama və sifarişlidir. Bu da onun əqidəvi mövqeyi ilə yanaşı cəmiyyətdə qanunsuzluq, islamafob davranışları tənqidi ilə əlaqədardır. Vüqar Rəsul, ona məxsus sosial media üzərindən haqsızlıqlara etirazı həbsinin əsas səbəbi hesab edir.

Xatırladaq ki, Vüqar Rəsulov ötən il, iyulun 17-də saxlanılmışdı.