MBH üzvülərinə qarşı həbslər davam edir

Fevralın 2-si səhər saatlarından saxlanılan Müsəlman Birliyi Hərəkatının üzvü Ceyhun Arif oğlu Babaşovdan ailəsi hələ ki xəbər ala bilməyib. Beyləqan sakini, inanclı Ceyhunu fevralın 2-si Beyləqan polisi iş yerinə gələrək onu zorla idarəyə aparıblar. O, hansı səbəbə görə getməsinə təkidli xəbər alsa da, polislər bunun idarədə aydınlaşdırılacağını söyləyərək cavab verməkdən çəkiniblər. Günün sonunda isə evə gələn bir neçə polis işçisi evdə axtarış aparacaqlarını Ceyhunun həyat yoldaşına bildirib. Bundan sonra evdə geniş axtarış tədbirləri həyata keçirilib. Ailə üzvlərinin bildirdiyinə görə polislər özləri ilə gətirdikləri bir neçə şəkli yatağın üzərinə düzüb və onları fotoya köçürüblər. Bununla da şəkillərin Ceyhuna aid olması təəssüratını yaratmağa çalışıblar. Ailəsi bütün bunların saxta, qurama olduğunu bildirsə də, onlara əhəmiyyət vermədən polislər şəkilləri lentə aldıqdan sonra bir neçə dini kitab nüsxəsini özləri ilə alaraq  evi tərk edib.
Ailə gün ərzində Daxili İşlər Nazirliyinin 102- zəng xidməti ilə əlaqə saxlayıb Ceyhun Babaşovun yerini və durumunu öyrənməyə çalışsalar da, heç bir məlumat əldə edə bilməyiblər. Son günlər kütləvi həbslərdə yer alan inanclılar, xüsusi olaraq MBH üzvülərinin hədəfə alınması Ceyhun Babaşovun da saxlanılmasını söyləməyə əsas verir.