MBH üzvü, keçmiş siyasi məhbus həbs olundu

İki gün öncə saxlanılan keçmiş siyasi məhbus Etibar İsmayılovun bu gün evində polis işçiləri axtarış aparıb. Məlumatı ailə üzvləri verib. Belə ki, iki gün öncə saxlanılan Etibar İsmayılov bu gün Sabunçu Rayon Məhkəməsi önünə çıxarılaraq barəsində 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik maddə əldə etmə, daşıma, saxlama) maddəsi ilə cinayət işi başlanıb. 4 aylıq sanksiya alan İsmayılov günün ikinci yarısı 1 saylı müvəqqəti saxlama təcridxanasına köçürülüb.

Axşama yaxın Etibarın evində polislər tərəflərindən axtarış da aparılıb. Axtarışlardan sonra polislər evdə olan iki qadın, Etibar İsmayılovun həyat yoldaşı və bacısını da 14-cü polis bölməsinə aparıblar. Onların idarəyə gətirilmələrinə səbəb evdən çıxdığı iddia olunan bir neçə güllə və şəkillər olub. Evin xanımı qeyd olunan əşyaların polislər tərəfindən evlərinə gətirdiyini bildirərək sənədə imza qoymaqdan imtina edib.  Bundan sonra polis işçiləri xanımdan idarəyə getməklərini istəyib. Bir saat idarədə dindirilən xanımlar sabah sənədlərə imza üçün gəlmək tələbi ilə sərbəst buraxılıblar.

Ailə üzvləri bütün bunları Etibarın MBH də fəaliyyətinə hakimiyyətin qıcığı kimi qiymətləndirir. Onlar saxlanılan bir şəxsin evində axtarış oluna biləcəyini söyləyərək hansı ağıl sahibinin evində qadağan olunmuş əşyanın saxlayar ki, bu da Etibarın evində tapılsın - deyə bildiriblər. Şübhəsiz burada bir təxribat amilinin  gizlənildiyi ehtimal olunur.

Xatırladaq ki, Etibar İsmayılov inanclı və fəal bir şəxsdir. Müsəlman Birliyi Hərəkatının üzvü olaraq Etibar 26 noyabr 2015-ci ildə Nardaranda əməliyyat zamanı saxlanılmış və 2017-ci ilin yanvarında 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. 2021-ci ilin martında isə Etibar İsmayılov əfv sərəncamı ilə azadlığına qovuşmuşdu.