MBH-nin 10-a yaxın üzvünə inzibati cəza qərarı verilib

Məlumatı Müsəlman Birliyi Hərəkatının mətbuat xidməti yayıb. Belə ki, katiblik bu gün MBH-nin 10-a yaxın üzvünün Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə dəvət olunduğu bildirilib. Onların hansı səbəbdən çağırılması haqqında dəvətçilərə məlumat verilməyib. İki saat idarədə dindirilən hərəkat üzvlərinin idarəyə çağırılmalarının səbəbinin dünən Müsəlman Birliyi Hərəkatının yaranması ilə bağlı tədbirlə əlaqəli olduğu məlum olub. Belə ki, hərəkatın üzvü olan bir neçə ailə restoranlardan birinə toplanaraq MBH-nin 8-ci yaşını qeyd etmələri mərasimin keçirildiyi Xəzər rayonunda narahatlıqla qarşılanıb. Hərəkatın tədbirlərinə qıcıq nümayiş etdirən hakimiyyət orqanları ailəvi baş tutan tədbirdən yayılan foto və videoların sosial mediada yayılmasından sonra hərəkat üzvlərini 2 saylı polis şöbəsinə çağırıb. Mərasim İslam Peyğəmbəri Hz Məhəmmədin (s) qızı xanım Fatimənin (s.ə.) doğum günü ilə eyni gündə baş tutduğu üçün mərasimdə Xanım Zəhra (s.ə.) ilə bağlı oxunan dini mahnılar polisin bu məclisdə uşaqların iştirakını azyaşlıların dini mərasimdə iştirakı kimi qiymətləndirib. Buna görə də idarə iştirakçılara 515.3-cü maddə - azyaşlıların dini mərasimdə iştirakı maddəsi ilə cərimə yazıb. Katiblik bu addımı növbəti dəfə hüquq və azadlıqlar başda olmaqla, hərəkata qarşı təzyiq olaraq dəyərləndirir və bununla bağlı məhkəməyə müraciət edəcəyini bildirir.