İki milyonluq torpaq sahəsini ələ keçirmək istəyən sabiq bələdiyyə sədri özünü təqsirli bilmir

Səbail rayon Bələdiyyəsinin sabiq sədri Əhməd Hüseynovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Məhəmməd Əkbərovun sədrliyi ilə keçirilən iclasda ittiham aktı elan olunub.

İttihamda göstərilib ki, Əhməd Hüseynovun vəzifəli şəxs olduğu dövrdə əlbir olduğu bir qrup şəxs halında dövlət və bələdiyyəyə məxsus, ümumilikdə 1 milyon 824 min manat dəyərində torpaq sahələrini ələ keçirməyə cəhd etməsi, habelə rəsmi sənədləri saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib. İş materiallarında göstərilib ki, Əhməd Hüseynov Səbail bələdiyyəsinin möhür və ştampını 2010-cu ildə seçilmiş yeni bələdiyyə sədrinə, yaxud Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə təhvil verməyərək gizlədib.

2019-cu ildə isə tanışıyla birlikdə ondan saxta sənəd hazırlanmasında istifadə olunub.

Qeyd olunan əmələ görə, sabiq bələdiyyə sədri barəsində Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 29.178.4 (xüsusilə külli miqdarda dələduzluğa cəhd), 309.1 (vəzifə səlahiyyətlərini aşma), 313 (vəzifə saxtakarlığı), 320.1 (saxta sənəd hazırlama və ya ondan istifadə etmə) və 326.1 (rəsmi sənədləri, ştampları, möhürləri talama və ya məhv etmə) maddələri ilə ittiham irəli sürülüb.

Sabiq bələdiyyə sədri məhkəmədə özünü təqsirli bilməyib.

Qeyd edək ki, Əhməd Hüseynov həbsdə deyil, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

İş üzrə zərərçəkmiş qismində Səbail Bələdiyyəsi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tanınıb.