Daxili İşlər Nazirliyinin İranın casus şəbəkəsinə qarşı xüsusi əməliyyat keçirdiyi bildirilir

Yanvarın 31-də keçirilən əməliyyat nəticəsində "SalamNews" informasiya agentliyi və “İnteraz” internet resursunun əməkdaşlarının saxlanıldığı haqda məlumatlar var.
Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumatı Meydan TV-yə təsdiqləyib.
Nazirlik bildirib ki, xüsusi əməliyyat tədbirləri nəticəsində Bakıda və digər bölgələrdə 7 nəfər şübhəli şəxs qismində saxlanılıb.
"Onların arasında A. T. Kərimov, E. A. Rəhimov, İ. Ə. Ələkbərov, M. N. Cəfərov, H. H. Cabbarlı, F. S. Əbdülov və A. Ə. Cümşüdovun adları keçir".
Əməliyyat keçirilən “İnterAz” telekanalı 2002-ci ildə yaradılıb və 2007-ci ildə Rusiya Federal Vergi Xidmətinin Rayonlararası müfəttişliyində qeydiyyata alınıb.
Bir müddət baş ofisi Moskvada yerləşən kanalın təsisçisi jurnalist Saleh Xudiyev olub.
2016-cı ildə telekanalı İranın Qum şəhərində və Suriyada dini təhsil almış Mətləb Bağırova alıb. Onun Cəlilabad rayonunda doğulduğu bildirilir.
Mətləb Bağırov həmçinin 2010-cu ildə fəaliyyətə başlayan “SalamNews” İnformasiya Agentliyinin təsisçisidir.
Sayt Azərbaycan və rus dillərində fəaliyyət göstərir.