Bəxtiyar Hacıyev 25 gündür istintaq təcridxanasında aclıq edir

Operativtv.com Turana istinadən xəbər verir ki, ictimai fəal Bəxtiyar Hacıyev 25-ci gündür ki, Bakı 1 saylı İstintaq Təcridxanasında aclıq edir.

Fevralın 2-də vəkillər Zibeydə Sadıqova, Elçin Sadıqov və Fəxrəddin Mehdiyev ona baş çəkiblər.

Mehdiyev Turan-a bildirib ki, Hacıyevin vəziyyəti pisləşməkdə davam edir.

“Çəkisi 14 kiloqramdan çox azalıb. Qan təzyiqi 90/65-dir. Şəkəri 56-ya enib.  Fevralın 1-də  məhkəmədən istintaq təcridxanasına aparılarkən qusub və huşunu itirib. İndi təcridxananın tibb-sanitar hissəsində saxlanılır”, - Mehdiyev deyib.

Hacıyev vəkillərlə görüş zamanı Beynəlxalq Qızıl Xaç Komitəsi nümayəndələrinin hələ də ona baş çəkməməsindən narazılığını bildirib.

Vəkil Sadıqova Hacıyevin Penitensiar Xidmətin müalicə müəssisəsinə və ya mülki klinikaya köçürülməsi barədə vəsatət qaldırıb.

Mehdiyev qeyd edib ki, məhkəmə prosesində Bəxtiyarın əli qandallı olduğu vaxt mülki geyimli şəxslər onun etirazına baxmayaraq, fotosunu çəkiblər.

*Dekabrın 9-da Bəxtiyar Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə saxlanılıb. Həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün həbs edib. Dekabrın 15-də Hacıyev həbsdən azad olunması tələbilə aclıq elan edib. İctimaiyyət nümayəndələrinin və ailə üzvlərinin təkidli çağırışlarından sonra dekabrın 28-də axşam aclığı dayandırıb. Lakin Apellyasiya Məhkəməsi onun həbsilə bağlı şikayətini növbəti dəfə təmin etmədikdən sonra, yanvarın 9-da Bəxtiyar Hacıyev yenidən alcığa başlayıb. Yanvarın 21-də məhkəmə Bəxtiyar Hacıyevin həbs müddətini daha 1 ay uzadıb.