Bumeranq effekti.

Ölkədə birmənalı şiə əqidəsini hədəfə alan “İran cəsus şəbəkəsi” adı altında gerçəkləşən təmizləmə layihəsi artıq illərdir Azərbaycan hakimiyyətinin planlı addımlarının davamıdır. 2012-ci ildə də eyni məzmunlu, fərqli adda gerçəkləşən əməliyyat da məhz qeyd olunan məhdudlaşdırma-təmizləmə addımlarına hesablanmışdı. Bunun hansı ad altında icrası deyil, hansı fəsadlara yol açacağı təkcə inanclılar üçün deyil, elə hakim elita üçün də əhəmiyyət daşıma aspektindən hadisə xüsusi əhəmiyyət daşıyır.
Şübhəsiz, təhlükəsizlik adı altında 39 nəfərin həbsi Daxili İşlər Nazirliyinin deyil, dövlətin təhlükəsizliyi ilə məşğul olan Dövlət Təhlükəsizlik Xidmətinin əməliyyatı olmalı idi. Sahə olaraq bu iş onların icraatında gerçəkləşməli olsa da, görünür işin həqiqətini real görməyən DTX təmizləmə, qorxu mühitinə töhfə verəcək bu layihəni elə təşkilatçının öz əlində məqbul bildi. Bu da birmənalıdır ki, məqsədli nəticələr alınmayana qədər polis silsilə həbsləri davamlı icra edəcək. Buna inandırıcılıq nöqtəsini isə bu həbslərin arasında DTX tərəfindən gerçəkləşəcək kiçik bir əməliyyat olacaq ki, bu da cəsus oyununa həqiqət donu və qorxu forması versin.
Bununla hakmiyyətin nail olmaq istədiyi nəticənin izahına varmadan mövcud addımların hazırki şəraitdə gətirib çıxaracağı təhlükəli məqamlara diqqət yönəltmək istərdik. Bütünlükdə ərəb əlifbası ilə fars əlifbasını qarışdırıb bayraqdakı şiə İmamlarının adlarına hədəflənən bu addım şübhəsiz müəyyən məhdud atmosfer formalaşdırır. Kimlərəsə maraqlı olan bu durum ilk növbədə İslam dininə inanclı olan xalqın daxilində artıq dünya üçün bir nömrəli təhlükə olan xəvaric idiologiyası üçün münbit bir şərait vəd edir. Məhdudlaşma hədəfində olan şiəlik məhz bu siyasi cərəyanla əvəzlənməsi artıq uzun zamandır Azərbaycanda sələfilik düşüncəsini yaymaq istəyənlər üçün ən yaxşı fürsətdir. Bu da diqqətdən yayınmamalıdır ki, mövcud abu-hava Qərbin dünyada İslamı ləkələmək üçün hazırladığı dağıdıcı bir zərbədir ki, bunu şiələrin çoxluq və qonşu şiə dövlətinə yaxın bir ərazidə formalaşdırmaq tarixi fürsət sayılmalıdır. Azərbaycan-İran arasında yaranan gərginlik fonunda İranı narahat edəcək bu addımı İranın “göz dağı” kimi düşünənlər isə özləri də bilmədən işə salınmış partlayıcı qurğu üzərində dayanmaq kimi qorxulu işə imza atmış olurlar.
Şiəliyi qorxu və həyəcanda saxlamaq, onu təzyiq elementi ilə qarşı qarşıya qoymaq çox böyük təhlükə olan sələfi əqidəsinə qucaq açaraq onu geniş bir dairədə məskunlaşdırmaq deməkdir. Bu isə praktikada gerçəkləşən ölkələrin bu gün gəldiyi nəticə prizmasından hakmiyyət, müxalifət, sünni və şiə tanımadan böyük faciənin həyata keçməsi deməkdir.
Müsəlman Birliyi Hərəkatının Təhlil Mərkəzi.