Bu gün xanım Fatimeyi-Zəhranın (s.ə) şəhadət günüdür

Xanımlar xanımı Həzrəti Zəhra (s) hicrətdən qabaq, besətin 5-ci ili, cəmadius-sani ayının 20-si, müqəddəs Məkkə şəhərində dünyaya gəlmişdir. Qeyd etmək lazımdır ki, Şeyx Müfid və Kəf'əmi öz tarix kitablarında xanımın təvəllüdünü besətin 2-ci ilində olduğunu vurğulamışlar.
 Atası İslam Peyğəmbəri Muhəmməd ibni Abdullah (s.ə.a), anası Xədicə binti xuveyləddir (s). 
 Xanım Zəhranın izdivacı, elçilərinin çoxluğuna baxmayaraq Uca Allahın vəhyi əsasında gerçəkləşmiş və Onun fərmanına əsasən İmam Əli əleyhissəlama yoldaş olmuşdur. 
 Bu mübarək evlilikdən iki oğlan, İmam Həsən və İmam Hüseyn və iki qız, ummu-Gülsüm və xanım Zeynəb dünyaya gəlmişdir. Xanımın, Möhsin adlı 5-ci övladı isə sinəsinə aldığı zərbə nəticəsində dünyaya gəlmədən vəfat etmişdir. 
 Həzrəti Fatimənin ummul-əimmə adlandırılması isə imam Əlidən başqa bütün imamlarımızın o xanımın vasitəsilə Peyğəmbərə yetişməsidir. 
 Xanımın qısa ömür sürməsinə baxmayaraq həyatı əhəmiyyətli hadisələrlə zəngindir. Bunlardan daha mühümü isə Fədək hadisəsidir. Belə ki, Atası Peyğəmbər öz sağlığında Fədək bağını qızı Fatiməyə hədiyyə etmiş, lakin Peyğəmbərin vəfatından sonra xilafəti ələ keçirən Əbubəkr Fədəki o xanımın əlindən almışdır. 
 Bu hadisədən sonra Xanım buyurdu: Allah və Rəsulunun İmam Əli haqqında əhdini sındıranlar, mənə zülm edənlər, hədiyyəmi əlimdən alanlar, Fədək məsələsində Peyğəmbərə və onun ailəsinə zülm edənlər, mənim cənazə namazıma gəlməsinlər. ( Beytul-əhzan: səh-113) 
 İslam Peyğəmbərinin vəfatından sonra, Onun Qədir-xumdakı göstərişinə müxalif çıxaraq İmam Əlinin evinə hücum etdilər. Bu hücum əsnasında Xanım qapı arasında qalaraq sinəsindən zərbələr alır, uşağı siqt olur, yerə düşür və o gündən etibarən xəstə yatağına düşür.
 Bu zərbələr nəticəsində hicrətin 11-ci ili şəhadətə yetişir. Şəhadət günü haqqında isə iki gün qeyd edilmişdir. Cəmadiul-əvvəl ayının 13-ü və Cəmadius-sani ayının 3-ü. Bu ixtilafın  səbəbi isə ərəb dilində 75 və 95 rəqəmlərinin yazılışı bir birinə çox oxşar olduğuna görədir. Belə ki bəzi tarix yazarlar Xanımın Şəhadətini, atası Peyğəmbərin vəfatından 75 gün sonra, bəziləri isə 95 gün sonra baş verdiyini qeyd etmişlər. Xanımın mübarək məzarının harada olması isə Özünün vəsiyyətinə əsasən bu günümüzə qədər bilinməməkdədir.