Bu gün İmam Musa Kazimin (ə) şəhadət günüdür

Bu gün hicri qəməri tarixi ilə rəcəb ayının 25-i müsəlmanların yeddinci imamı həzrət Musa-Kazimin (ə) zalım Abbasi hakimiyyətinin muzdurları tərəfindən zəhərləndirilərək, şəhid edilən günüdür.

SalamNews xəbər verir ki, İmam Musa-Kazim (ə) hicrətin 128-ci ilində Məkkə və Mədinə arasında yerləşən əl-Əbva bölgəsində düyaya gəlib. İmam həyatı boyu çox məşəqqətlər çəkib və Abbasi xəlifələri tərəfindən ciddi təhdid hesab edilərək uzun illər zindan həyatı yaşayıb.

İmam Musa Kazim(ə) bütün bu məşəqqətlərə baxmayaraq, səbirli olduğundan ona “Kazim”, yəni qəzəbini boğan və cilovlayan ləqəbi verilib.

Abbasi xəlifələrinin zülmündən əlavə İmam öz dövründə digər problemlərlə də qarşılaşıb. Məhz İmam Musa Kazimin dövründə şiə məzhəbindən İsmailiyyə, Əftəhiyyə, Navusiyyə kimi qollar ayrılıb və insanların əqidələrində çaşqınlıq yaratmağa başlayıb. İmam belə əqidələrə qarşı mübarizə aparır və insanların dini inanclarının sağlamlığını təmin edirdi.

Bu gün imamın qəbri İraqın Kazimeyn şəhərində yerləşir, onun pak qəbri yüz milyonlarla müsəlmanın ziyarətgahına çevrilib.

İŞİD təkfirçilərinin Bağdadda Kazimeyn şəhərinə gedən zəvvarlara qarşı bundan öncə dəfələrlə terror hücumları həyata keçirmələrinə baxmayaraq, bu, zəvvarların ziyarət əzminin qarşısını ala bilməyib.