Bu gün Həzrət Əlinin (ə) şəhadət günüdür

 Bu gün, Ramazanın 21-i, Həzrəti Əlinin (ə) şəhid olan günüdür. İmam Əli (ə) 63 yaşında namaz üstündə olarkən arxadan qılınc zərbəsinə məruz qalıb.

SalamNews-un məlumatına görə, hicrətin 40-ci ilində (miladi 661-ci il) Ramazan ayının 19-da dövrünün xəlifəsi və imamı Həzrət Əli (ə) xəvaric firqəsinin üzvlərindən olan Əbdürrəhman ibn Mülcəm tərəfindən Kufə məscidində sübh namazı vaxtı zəhərli qılınc zərbəsiylə başından yaralanıb.

Bu gün Qədr gecəsi ehtimal olunan üç gecədən ikincisi olmaqla bərabər, eyni zamanda məsum İmamın şəhid olan günü kimi də tarixə düşüb.

Bununla əlaqədar, Azərbaycanın müsəlman əhalisi də məscidlərdə Qədr gecəsinin ibadətlərini yerinə yetirməklə yanaşı, imamları üçün əzadarlıq məclisləri keçirilir. Əza məclislərində İmam Əlinin (ə) saysız hesabsız fəzilətlərindən və islam dini yolunda göstərdiyi xidmətlərdən danışılır.

SalamNews bu hüznlü hadisə ilə əlaqədar bütün dünya müsəlmanlarına başsağlığı verir.