Bu gecə mübarək Ramazan ayının ehtimal olunan üçüncü Qədr gecəsidir

Ramazanın 22-dən 23-nə keçən gecə ehtimal olunan üçüncü Qədr gecəsidir. İnanclılar öncəki Qədr gecələri kimi bu gecədə də "ehya" mərasimini icra edəcəklər.

SalamNews xəbər verir ki, Qədr gecəsinin dəqiq hansı gecə olduğu bəlli deyil. Amma Peyğəmbər (s) və imamlardan gələn rəvayətlərə görə Qədr gecəsi Ramazan ayının 19, 21 və 23-cü və ya sonrakı təksaylı gecələrindən biridir.

Bu gecələr xalq arasında "Əhya və ya ehya gecələri" kimi də adlandırılır. Azərbaycanda qarşıdan gələn gecə Ramazanın 3-cü qədr gecəsi kimi qeyd ediləcək.

Bu gecənin müxtəlif əməlləri var. Onlardan bəzilərini diqqətinizə çatdırırıq:

1. Qüsl etmək.

2. Səhərə qədər məsciddə ibadət etmək.

3. 2 rəkət Qədr gecəsi namazı qılmaq (bu namaz sübh namazı kimidir, amma hər rəkətdə “Həmd” surəsindən sonra 7 dəfə “İxlas” surəsi oxunur və namaz bitdikdən sonra alını səcdəyə qoyub 70 dəfə “əstəğfirullahə və ətubu ileyh” deyilir.)

4. Quranı açıq halda baş üzərinə qoyub Allah, Peyğəmbər və imamların adlarına Allahı and verib bağışlanma diləmək.

5. İmam Əli (ə) və İmam Huseynin (ə) ziyarətnaməsini oxumaq.

6. 100 rəkət müstəhəb namaz qılmaq. Qəza namazı olanlar yaxşı olar ki, 6 günlük qəza namazı qılsınlar. Bunun savabı həm 100 rəkətli namazın savabını ödəyir, həm də, 6 günlük qəza namazı qılınmış olur.

7. İmam Səccadın (ə) Qədr gecəsində oxuduğu duanı oxumaq.

8. Peyğəmbər və Əhli-beytinə salavat hədiyyə etmək.

Allah orucunuzu qəbul etsin!