Azərbaycan: 2022-ci ilin mühüm iqtisadi hadisələri

I. 13 yanvarda Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti tərəfindən inşa ediləcək 240 MVt-lik "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının təməli qoyuldu

II. 21 fevralda  "Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında"  Nazirlər Kabinetinin Sərəncamı imzalandı və Nazirlər Kabinetinin  04 aprel 2022-ci il tarixli 145 nömrəli Qərarı Anti-inflyasiya tədbirləri çərçivəsində sahibkarlığa yeni dəstək mexanizmi yaradılmağa başladı.

III. 15   martda  Birləşmiş Ərəb Əmirliyinin “Masdar” şirkətiylə Azərbaycanda 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının inşasına dair saziş də imzalandı.

IV. 13 apreldə presidentin sərəncamı ilə  Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov vəzifəsindən azad edildi   və Taleh Kazımov  Azərbaycan Respublikası Mərkəzi Bankının sədri təyin edildi.

V. 18 iyulda Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalandı. Anlaşmaya əsasən Avropaya qaz ixracının 2 dəfəyə kimi artırılması 2027-ci ilədək həyata keçiriləcək.

VI. 22 iyul 2022  Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası təsdiq olundu

VII. 23 avqustda Azərbaycanda "Google Pay" sistemi istifadəyə verildi

VIII. 20 oktyabrda  Zəngilan Beynəlxalq Hava Limanının açılışı oldu

IX. 16 noyabrda  Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı dərc olundu.

X. 17 dekabrda Buxarestdə “ Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökümətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in  imzalandı.

 

2022-ci ilin iqtisadi yekunlarının qiymətləndirilməsi və retrospektiv təhlili

2022-ci il Azərbaycanda özündən əvvəlki ildə olduğu kimi inflyasiya təzyiqləri və əhalinin yoxsullaşması tendensiyası altında keçdi, baxmayaraq ki, il ərzində enerji bazarında baş verən dəyişikliklər Azərbaycan üçün resurs və tranzit gəlirlərini artırmaq üçün əlverişli şərait formalaşdırdı, Rusiyanın Qərblə münasibətlərinin pisləşməsi isə xüsusilə də Avropa ilə enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün potensial imkanlar yaratdı. Bununla əlaqədar olaraq 2022-ci il ənənəvi enerjidən bərpa olunan enerjiyə keçid istiqamətində, işğaldan azad olunmuş ərazilərin infrasturkturunun bərpası və yenidən qurulması sahəsində də addımlar da yadda qalan oldu. Belə ki, bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalı üçün mümkün potensialın qiymətləndirilməsi və bu potensialdan istifadə məqsədi ilə bir sıra işlər həyata keçirilməyə başladı, 13 yanvar 2022-ci il tarixində 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının, 15 mart 2022-ci il tarixində isə 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirildi. Zəngilan, Cəbrayıl, Qubadlı və Füzuli ərazisində müşahidə edilən günəş radiasiyasına uyğun olaraq günəş elektrik stansiyalarının Cəbrayıl və Zəngilan rayonlarının ərazisində, küləl enerjsiinin isə Laçın və Kəlbəcərin dağlıq hissələrində inşası məqsədəuyğun hesab edildi. İşğaldan azad edilmiş ərazilərdə günəş enerjisi potensialı 7200 MVt-dan artıq qiymətləndirilir.

2022-ci ildə eyni zamanda Avropanın Rusiyadan enerji asılılığını azaltmaq üçün  Azərbaycanın təbii qazının və elektrik enerjisinin Avropaya tədarükü istiqamətində də əhəmiyyətli addımlar atıldı. Belə ki,  Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalandı. Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərində Azərbaycanın iştirakı ilə  Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimi keçirildi. Beləliklə də Enerji Anlaşmasına əsasən Azərbaycan 2027-ci ilədək Avropaya qaz ixracının 2 dəfəyə kimi artırmaq öhdəliyini üzərinə götürdü.  İlin sonunda həmçinin “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökümətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”i imzalandı.

2022-ci ilin fevral ayının 24-də Rusiyanın Ukraynaya hərbi müdaxiləsi Azərbaycanın  da daxil olduğu bölgədə iqtisadi prosesləri və münasibətlərə əhəmiyyətli təsirlərini bir neçə istiqamət üzrə göstərməkdədir.

Birincisi, müharibə nəticəsində dünya bazarında enerji qiymətlərinin kəskin bahalaşması yanacaq məhsullarının ixracatçıları olan ölkələrin, o sıradan da Azərbaycanın resurs gəlirlərini artırdı. Belə ki, Brent markalı xam neftin qiyməti 2022-ci ildə 7 ilin ən yüksək səviyyəsinə çatdı və orta illik bajalaşma 34 faiz qeydə alındı. Bununla yanaşı,  eyni dövrdə təbii qazın TTF qiymətində isə 37 faiz bahalaşma qeydə alındı.  Beləliklə, Dövlət Gömrük Komitəsinin açıqlamalarına görə, Azərbaycanın neft-qaz sektoruna daxil olan mallar üzrə ixracın  bu ilin 11 ayında cəmi ixracatda payı 92,6 faiz təşkil etdi. Belə ki,  neft-qaz sektoruna daxil olan malların ixracı üzrə valyuta gəlirləri  bu ilin ilk 11 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə ataraq, 33,6 milyard dollar olub ki, bu da müqayisə olunan dövrlə müqayisədə 17,4 milyard dollar çoxdur. Artımın əsas səbəbi qaz ixracatından gəlirlərdir. Belə ki, bu ilin ilk 11 ayında qaz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 dəfəyədək və ya 10,4 milyard dollar artaraq 14,8 milyard dollara çatıb.

Göründüyü kimi, 2022-ci ildə Rusiyanın Ukrayanya hərbi müdaxiləsi Azərbaycanın neft-qaz ixracatından valyuta gəlirlərini əhəmiyyətli dərəcədə artırıb. Nəticədə Azərbaycan yanvar-oktyabr aylarında hər ay orta hesabla 3,05 milyard dollar, hər gün isə 101,6 milyon dollar yalnız neft-qazın xarici bazarlarda satışından gəlir əldə edib. Lakin, bu gəlirlər əsasən toplandığı Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) ilin ilk 9 ayı ərzində ARDNF-nin aktivlərinin bazar dəyərində qısamüddətli qiymət dəyişkənliklərindən yaranan zərəri 4 521,0 milyon manat, valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı itkiləri 4 185,2 milyon manat təşkil edib.

İkincisi, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində  Avropa-Qafqaz-Asiya  və əksinə nəqliyyat dəhlizinin marşrutunda dəyişiklik baş verdi. Rusiyadan  Ukrayna və Belarus vasitəsilə Avropaya göndərilən Asiya ölkələrinin, xüsusilə də Çinin yüklərinin marşrutun şimaldan cənuba doğru dəyişdi və bunun nəticəsində   Avropa-Qafqaz-Asiya  nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi kəskin artdı. Belə ki,  Dövlət Statistika Komitəsinin məlumatına görə,  2022-ci ilin yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 37829,6 min ton, yük dövriyyəsi isə 9435,5 milyon ton-km olmuş, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 24,4 faiz və 31,5 faiz artım müşahidə olunmuşdur. Eyni zamanda Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvlərindən biri olan  “ADY Konteyner” MMC -nin direktoru Natiq Cəfərovun açıqlamasına görə, 2022-ci ilin ilk 10 ayı ərzində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə konteynerlərlə yükdaşımalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 45 faiz artıb. 

Üçüncüsü, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində Rusiyadan Azərbaycana göndərilən pul köçürmələrini kəskin artıb. Mərkəzi Bankın 2022-ci ilin yanvar-sentyabr ayları üzrə Pul Siyasəti icmalında bildirilir ki,  ilkin rəqəmlərə əsasən 2022-ci ilin 9 ayı ərzində Azərbaycana daxil olan pul baratları 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə təqribən 3,4 dəfə artaraq 2.6 milyard ABŞ dolları təşkil edib. Halbuki, 2021-ci ilin 9 ayı ərzində Azərbaycana 772 milyon dollar, 2020-ci ilin 9 ayı ərzində isə 682 milyon dollar pul baratları daxil olmuşdu.

Baxmayaraq ki, 2021-ci ili iki rəqəmli  inflyasiya ilə başa  vuran iqtisadiyyatın qarşısında duran başlıca vəzifəyə uyğun olaraq  ilin əvvəlində  "Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında"  Nazirlər Kabinetinin Sərəncamı imzalandı, amma 2022-ci il ərzində Azərbaycan hökuməti inflyasiyanın qarşısının alınması istiqamətində ciddi və təsirli addımlar atmadı. Beləliklə də 2022-ci il ərzində qiymətlərin sürətlə bahalaşması, xüsusilə də aztəminatlı əhalinin, eyni zamanda Azərbaycanın quru sərhədlərinin bağlı qalması sərhəd bölgələrində yaşayan əhalinin yaşam şərtlərini çətinləşdirdi. Belə ki, rəsmi məlumatlara görə, 2022-ci ildə Azərbaycan 2016-cı ildən bəri ən yüksək inflyasiya ilə qarşılaşdı. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar-noyabr aylarına nisbətən 113,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 119,5 faiz, qeyri-ərzaq məhsulları üzrə 108,3 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,4 faiz təşkil edib.

Milli statistika xidmətlərinin məlumatlarına əsasən,  MDB Statistika Komitəsi bildirir ki, 2022-ci ilin yanvar-oktyabr aylarında MDB ölkələri üzrə iqtisadiyyatda işləyənlərin orta aylıq əməkhaqqı artımı Qırğızıstanda 113,7 faizlik inflyasiya müqabilində 127,9 faiz (fərq +14,2 faiz), Özbəkistanda 111,3 faiz inflyasiya qarşı 125,4 faiz (fərq +14,1 faiz), Qazaxıstanda 113,9 faiz inflyasiya qarşı 122,8 ( fərq +8,9 faiz), Tacikistanda 107,1 faiz inflyasiya qarşı 118,2 faiz (fərq +11,1 faiz), Azərbaycanda 113,7 faiz inflyasiya qarşı 114,4 faiz (+0,7 faiz), Ermənistanda 108,7 faiz inflyasiya qarşı 114,0 faiz (fərq +5,3 faiz), Belarusda 115,7 faiz inflyasiya qarşı 113,2 faiz (fərq -2,4 faiz), Rusiyada 114,1 faiz inflyasiya qarşı 112,6 faiz (fərq -2,5 faiz), Moldovada 128,3 faiz inflyasiya qarşı 114,6 faiz (fərq -13,7) olub. Göründüyü kimi Belarus, Rusiya və Moldova istisna olmaqla digər MDB dövlətlərində iqtisadiyyatda orta aylıq artım tempi inflyasiyanı üstələyib. Azərbaycanda bu iki göstərici arasında fərq müsbət olsa da əhəmiyyətli deyildir. Buna, eləcə də Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən 2022-ci ilin yanvar-noyabr aylarında dövlət büdcənin icrasında 3002,6 milyon manatlıq və ya ümumi daxili məhsulun 2,5 faizi qədər profisit yaranmasına baxmayaraq, ilin sonunda Azərbaycan höküməti əmək haqlarının artırılması və digər sosial normativlərin qaldırılması istiqamətində addımlar atmadı.

 Lakin, qonşu ölkələrdə aylıq minimum əmək haqqının (MƏH) 2023-cü il yanvarın 1-dən artırılamasına qərar verilib. Belə ki, gələn ildən MƏH Ermənistanda 75 000 dram (325 manat), Belarusda 554 rubl (375 manat), Rusiyada 16 242 rubl (404 manat), Belarusda 554 rubl (375 manat), Türkiyədə 8500 lirə (775 manat) olacaq, ilin başa çatmasına 4 gün qalmasına baxmayaraq Azərbaycanda hələ də MƏH-in artırılmasına dair prezident fərmanı verilməyib. Hazırda Azərbaycanda MƏH 300 manatdır ki, bu da Ermənistandan 8,3 faiz, Belarusdan 25 faiz, Rusiyadan 34,6 faiz, Türkiyədən 2,58 dəfə aşağıdır.

Aylıq orta əmək haqqına (OƏH) gəlincə, 2022-ci il noyabrın 1-ə OƏH Azərbaycanda 487.059 dollar, Gürcüstanda 596.217 dollar, Ermənistanda 602.393 dollar, Qazaxıstan 677.304 dollar olub. Beləliklə də Azərbaycanda OƏH Gürcüstandan 22,4 faiz, Ermənistandan 23,8 faiz, Qazaxıstandan 39 faiz aşağıdır.

Göründüyü kimi həm MƏH və həm də OƏH göstəricisinə görə Azərbaycan müqayisə üçün təqdim olunan  qonşu ölkələrdən geri qalır. Halbuki 2022-ci ilin başlangıcında Azərbaycanın MƏH və OƏH  göstəriciləri  Ermənistandan yüksək idi.

2022-ci ilin yanvar-noyabr aylarında ölkədə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,8 faiz çox ümumi daxili məhsul istehsal edilsə də sənayedə istehsal 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz azaldı. Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin ilk 9 ayında ötən ilin eyni dövrünə nisbətən iqtisadi artım Ermənistanda (112,6 faiz), Tacikistanda (107,8 faiz), Qırğızıstanda (107,0 faiz), Türkmənistanda (106,2 faiz), Özbəkistanda (105,8 faiz) olub, Rusiyada (98,3 faiz), Belarusda (95,3 faiz) və Ukraynada (62,8 faiz) iqtisadi tənəzzül qeydə alınıb.

Göründüyü kimi, 2022-ci ildə Azərbaycanda iqtisadiyyatın inkişafı üçün əlverişli konyuktura mövcud olsa da yola saldığımız ildə ölkədə iqtisadi artım tempi MDB-nin əksər ölkələri ilə müqayisədə aşağı qeyd  alınıb. Bunun əsas səbəbi Azərbaycanda islahatlarla bağlı gözləntilərin yenə də özünü doğrultmamasıdır. Baxmayaraq ki,   növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişaf modelini təqdim edən 2030-cu il üçün milli prioritetlər əsasında  Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” təsdiq olundu. Lakin,  Strategiyada müəyyənləşdiriləm strateji çərçivələr üzrə kordinasiya olunmuş islahat xarakterli tədbirlər həyata keçirilmədi, sistemsiz atılan addımlar isə korrupsiyanın və inhisarçılığın qurbanına çevrildi. Odur ki, yola saldığımız ildən qalan xeyli sayda iqtisadi problemlərlə 2023-cü ilə qədəm qoyuruq.