Ayətullah Xamenei Avropada Quranın yandırılmasını kəskin pisləyib

İran İslam İnqilabının Ali lideri Ayətullah Xamenei və prezidenti İbrahim Rəisi Avropa dövlətlərində Quranın yandırılması və digər təhqiredici addımları kəskin pisləyiblər.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, Ayətullah Xamenei İsveçdə Qurani-Kərimin polisin müşayiəti ilə yandırılması, habelə Hollandiya və Fransada müqəddəs kitaba qarşı digər təhqiredici addımların həyata keçirilməsini kəskin pisləyərək, ifadə azadlığı iddiasında olanların bu əməllərinin onların İslam və Qurana qarşı düşmənçiliyinin sübutu olduğunu deyib.

Ayətullah Xamenei dünyanın bütün azad insanlarını müqəddəsləri təhqir etmək və nifrət yaymaq kimi çirkin siyasətə qarşı müqavimət göstərməyə çağırıb.

Habelə bu gün İran prezidenti İbrahim Rəisi Tehranda keçirilən konfrasda çıxışı zamanı Avropada bu kimi əməllərin ifadə azadlığının tam ziddinə olduğunu bildirib və Avropa dövlətlərini islamofob və nifrət aşılayan düşüncələrin qarşısını almağa çağırıb.