Avropa Şurası Komissarı Bəxtiyar Hacıyevi azad etməyə çağırıb

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç Azərbaycan hökumətindən həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevi azad etməyə çağırıb.

Operativtv.com Toplum TV-yə istinadən xəbər verir ki, bu barədə Miyatoviç bəyanat yayıb.

"Hacıyevin həbsi və hələ də həbsdə saxlanılması hökumətin ölkədə müstəqil vətəndaş fəallığına qarşı dözümsüzlüyünün növbəti nümunəsidir", - deyə o, bəyanatında qeyd edib.

Komissar ictimai fəalın əvvəllər dəfələrlə zorakılığa məruz qaldığını xatırladıb və hazırda həbsxanada aclıq aksiyası keçirdiyinə görə səhhətinin narahatlıq doğurduğunu vurğulayıb.

Miyatoviç bəyanatında eləcə də jurnalist Əvəz Zeynallının və vəkil Elçin Sadıqovun həbsinə toxunub.

“Azərbaycan hökuməti kursunu dəyişməli, həqiqi dialoq və əməkdaşlığa əsaslanan fəaliyyət üçün təhlükəsiz və əlverişli mühitin yaradılması istiqamətində şey göstərməlidir”, -  bəyanatda bildirilib.

Hacıyev ötən ilin dekabr ayının 9-da həbs olunub. O məhkəməyə hörmətsizlik və xuliqanlıqda ittiham olunur. Məhkəmə onun barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Sonradan ona ünvanlanan ittihamlar ağırlaşdırılıb. 

İctimai fəal həbsinə etiraz olaraq yanvarın 9-dan bəri aclıq aksiyası keçirir. Vəkilləri onun səhhətinin ağır olduğunu bildirir. Penitensiar Xidmətdən isə Toplum TV-yə bildirilib ki, ictimai fəalın səhhəti nəzarət altındadır.

Bir sıra beynəlxalq təşkilatlar və hüquq müdafiəçiləri onun həbsini sifarişli sayır və Azərbaycan hökümətindən dərhal azadlığa buraxılmasını tələb edirlər.