“Arzular gecəsi” bir fürsətdir/Leylətul-Rəğaibin əməlləri

Az.shafaqna.com xatırladır ki, Rəcəb ayının ilk cümə axşamı gecəsi “Arzular gecəsi” adlanır, bu bir fürsətdir; bu gecəni oyaq qalaraq, ibadətlə keçirmək tövsiyə olunur. Bu gecənin xüsusi əməl və zikrləri var.  Allah-təala bu gecədə möminlərə rəğbət (lütfkarlıqlar) edər. Bu gecəyə hörmət edənləri əfv edər. Rəğaib gecəsi edilən dua qəbul olar, namaz, oruc, sədəqə kimi ibadətlərə saysız savablar verilir.

Həzrət Peyğəmbərdən (s) nəql olunur:

“Rəcəb ayının ilk cümə gecəsini unutmayın. Mələklər bu gecəni “Leylətul-Rəğaib” deyə yad edir. Bu günün gecə yarısında göy və yerdə bir mələk belə qalmır, bütün mələklər Kəbə ətrafına toplanır.”

“Arzular gecəsi”nin xüsusi namazı da var. Bu namaz haqqında deyilir: “Bu namazı qılmış şəxsin qəbrinin ilk gecəsində nurlu bir varlıq ona yaxınlaşar və “Ey mənim həbibim! Müjdə olsun sənə ki, hər bir kədərdən uzaq oldun.” – deyər. Qəbir sahibi soruşar: “Sən kimsən ki, mən səndən gözəl üzlü, şirin sözlüsünü görməmişəm?!” Cavab gələr: “Mən sənin filan Rəcəb ayında qıldığın həmin namazam. Bu gecə yanına gəldim ki, haqqını əda edim və vəhşətini aradan aparım. Mən Sur üfürülən zaman sənə kölgə olacağam. Xoş halına ki, Qiyamət günü heç bir xeyir səndən uzaq olmayacaq.”

Rəcəb ayının ilk cümə axşamı – “Arzular gecəsi” günü oruc tutulur.

Cümə gecəsi daxil olduqdan sonra Şam və İşa namazları arasında on iki rükət (altı  iki rükətli namaz) namaz qılınır.

Hər rükətdə 1 dəfə “Həmd”, 3 dəfə “Qədr” və 12 dəfə Ixlas (“Qul huvallahu əhəd”)surələri oxunur

1. Namazdan sonra 70 dəfə:

اَللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ النَّبِىِّ اْلاُمِّىِّ وَعَلَى آلِهِ

“Allahummə salli əla Mühəmmədinin nəbiyyil-ummiyyi və əla Alih”

Tərcümə: “İlahi, Həzrət Muhəmmədə (s) və onun nəslinə öz rəhmətini göndər”

2. Sonra səcdəyə gedib 70 dəfə:

سُبُّوحٌ قُدُّوسٌ رَبُّ الْمَلاَئِكَةِ وَالرُّوحِ

“Subbuhun quddus Rabbul-məlaikəti vər-Ruh”

Tərcümə: “İlahi, Sən çox paksan, çox müqəddəssən, mələklər və Ruhun rəbbisən”

3. Sonra başını səcdədən qaldırıb 70 dəfə :

رَبِّ اغْفِرْ وَارْحَمْ وَتَجَاوَزْ عَمَّا تَعْلَمُ اِنَّكَ اَنْتَ الْعَلِىُّ اْلاَعْظَمُ

“Rabbiğfir vərhəm və təcəvəz əmmə tə’ləmu innəkə əntəl-əliyyul-ə’zəm”.

Tərcümə: “Rəbbim, məni bağışla, mənə rəhm et. Bildiyin bütün günahlarımı əfv et. Həqiqətən Sən uca və əzəmətlisən”.

4. Sonra yenidən səcdəyə gedib 70 dəfə:

سُبُّوحٌ قُدُّوسٌ رَبُّ الْمَلاَئِكَةِ وَالرُّوحِ

“Subbuhun quddus Rabbul-məlaikəti vər-Ruh”

Tərcüməsi:İlahi, Sən çox paksan, çox müqəddəssən, mələklər və ruhun rəbbisən”.

Sonra hacət və istəyinizi Allahdan diləyirsiz