Alimpaşa Məmmədov: “Bu adamları təyin edəndə demişəm ki…”

Gəncə Ağır Cinayətlər Məhkəməsində Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun məhkəməsi davam edir. Yanvarın 31-də məhkəmə yenə xeyli sayda şahid dindirib.

İstintaqın gəldiyi nəticəyə görə, Şəmkirdə əhalinin siyahıya alınmasında iştirak etmiş dövlət qurumlarının işçilərinə buna görə pul ödənilib və həmin ödəmələr onlardan toplanaraq Alimpaşa Məmmədova ötürülürmüş.

Bağça müdirəsi: “Elə bildik o pul dövlətə qaytarılır”

Şəmkirdəki 8 saylı uşaq bağçasının keçmiş müdirəsi Validə Şükürova ifadə verib:

“Siyahıyaalmadan əvvəl deyildi ki, pul veriləcək. İşləyən iki nəfər pulu aldı, işləməyən altı nəfərin pulunu - 1188 manatı alıb verdik Pərvin Gözəlova. Elə bildik o pul dövlətə qaytarılır. Biz onun göstərişlərini yerinə yetirirdik, çünki icra hakimiyyətinə tabe idik. Pandemiya vaxtı iki yeni ştat açıldı, iki işçi qəbul edildi. Onları Maliyyə idarəsinin müdiri Qoşun müəllim tapşırmışdı deyə, işə qəbul etdik. Həmin ştatlar tabeçilik Regional Təhsil İdarəsinə verildikdən sonra ixtisar edildi. Bəzi hallarda müəyyən təsərrüfat mallarını almaq üçün qaimələrə qol çəkirdik, amma bizə heç nə verilmirdi”.

Prokuror ondan soruşub: “Hansı məbləğlərə qol çəkirdiniz?”

Şahid cavabında deyib: “1748 və 3172 manatlıq mallara qol çəkmişəm, ancaq heç bir təsərrüfat malı verilməyib bağçamıza. Mən bu barədə icra hakimiyyətində bağçalara baxan Turanə xanımdan soruşdum, dedi ki, veriləcək. Ancaq verilmədi”.

Məhkəmənin dindirdiyi digər bağça müdirləri Aybəniz Əliyeva, Lamiyə Cəfərova, Gülçin Muradova, Elvira Allahverdiyeva, Zülfiyyə Əsədzadə, Südabə Əliyeva, Zərifə Novruzova, Rəsmiyyə Məhərrəmova, Mahirə Məhərrəmova, Amaliya Hüseynova da siyahıyaalınma prosesində iştirak etmiş işçilərdən verilən pulları yığaraq Pərvin Gözəlova verdiklərini deyiblər.

Şahid Bəxtiyar Şamilli isə siyahıyaalma zamanı təlimatçı olduğunu söyləyib: “Pulları icra nümayəndəsi rəhmətlik Süleyman Həsənova verirdik. O da deyirdi ki, bu pullar yuxarı – Alimpaşa müəllimə çatır”.

“İcra hakimiyyətindən başçı və müavinlər deilmişdilər ki, bu şirkətlə işləmək lazımdır”

Keçmiş icra nümayəndəsi Ülvi Əliyev ifadəsində bildirib ki, siyahıyaalmadan öncə icra hakimiyyətində keçirilən iclasda başçının müavini Qüdrət Əliyev prosesdə iştirak edəcək hər kəsə pul mükafatı yazılacağını deyib. Və həmin pullar toplanaraq icra başçısına veriləcək.

Şəmkirin keçmiş icra nümayəndəsi Pərviz İbrahimov da eyni məzmunlu ifadə verib: “Siyahıyaalmada iştirak edənlərdən 8-9 min manat pulu yığıb rayon Statistika İdarəsinin müdiri Pərvin Gözəlova verdim. Bunu icra başçısının müavini Qüdrət Əliyevin tapşırığına əsasən etdim. Bütün siyahıyaalma prosesini normal icra etdik. Amma pulu istədilər deyə verdik. Bağçalara bununla bağlı mən tapşırıq vermişdim. Bütün bağçalara mal-materialları “XXI əsr” şirkəti verirdi. Bu şirkət tenderi udmuşdu. İcra hakimiyyətindən başçı və müavinlərə deyilmişdi ki, bu şirkətlə işləmək lazımdır. Başqa şirkəti seçmək ixtiyarımız yox idi. Tender və kotirovka formal idi. Başçının göstərişi idi ki, bağçalarla bağlı məsələyə qarışmayaq. Azər Kərimov (“XXI əsr” şirkətinin rəhbəri – red.) nə sənəd gətirsə biz və bağçalar imzalayaq. Eyni zamanda işçiləri kurslara göndərmək üçün ayrılan 8 mini nəğdləşdirib barama üçün kümxana tikilməsinə sərf etmişik. Eləcə də bağçalara qaz çəkilməsi üçün RİH tərəfindən tapşırıq vermişdi. Bəzi bağçalar nəğd verirdi, bəziləri üçün icra nümayəndəliyinin hesabından köçürülürdü”.

 Alimpaşa Məmmədov: “Göstəriş verdim ki, nəyin hesabına olursa-olsun bağçaları qazlaşdır”

Alimpaşa Məmmədov keçmiş icra nümayəndəsinin dediklərini təsdiqləyib: “Bu adam nə deyirsə, təsdiq edirəm”.

3 saylı uşaq bağçasının müdirəsi Gülçin Muradova ifadəsində göstərib ki, Şəmkir şəhər icra nümayəndəsi Pərviz İbrahimov Alimpaşa Məmmədovun ondan 5 min manat tələb etdiyini deyib: “Dedi ki, ya başçıya bu pulu çatdırmalısan, ya da işdən çıxacaqsan. Vermədim, bir aydan sonra işdən azad olundum”.

Alimpaşa Məmmədov bu yerdə müdaxilə edb: “Pərviz İbrahimova göstəriş verdim ki, nəyin hesabına olursa olsun bağçaları qazlaşdır. Bu adamları (bağça müdirləri, şəhər icra nümayəndəsi) təyin edəndə demişəm ki, sizdən heç nə alınmır. Amma mütləq bağçaları qazlaşdırın, sponsor tapın”.

Şahid Pərvin Gözəlovsa ifadəsində göstərib ki, 2019-cu ildə əhalinin siyahıyaalınması keçiriləndə topladığı 40 min manatı icra başçısının müavini Qüdrət Əliyevə verib, sonuncu isə başçıya ötürüb.

Məhkəmə Şəmkir şəhər icra nümayəndəsi olmuş Elşən Quliyevi də dindirib. O, həmin vəzifədə Pərvin Gözəlovdan əvvəl işləyib. O deyib ki, uşaq bağçalarına verilən ərzaqla bağlı icra başçısından tapşırıq alıb: “Alimpaşa müəllimin tapşırığıyla əsasən “XXI əsr” şirkətindən gələn sənədləri imzalamışam, pul köçürmələrini icra etmişəm”.

Məhkəmə şahidləri dindirəndən sonra hakim növbəti iclası fevralın 7-nə təyin edib.

Tarixçə

2021-ci aprelində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunan Alimpaşa Məmmədov mənimsəmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma, vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda rüşvət alma maddələri ilə təqsirləndirilir. Keçmiş icra başçısı 17 aydır ki, həbsdədir.

İttiham aktında qeyd olunub ki, Alimpaşa Məmmədov Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı kimi vəzifə səlahiyyətlərindən sui-istifadə edib. Şəmkir rayonu Çinarlı bələdiyyəsi tərəfindən təsis edilmiş, mülkiyyətində 2 milyon 844 min manat dəyərində əmlakı olan “Çinarlı Qəsəbə” MMC-nin bütün paylarını oğlu Adilin və tabeçiliyində fəaliyyət göstərən digər şəxslərə məxsus “Şəmkir Səbət Ticarət Mərkəzi” MMC-yə cəmi 40 manata satılmasına nail olub.

Şəmkir şəhər Bələdiyyəsi tərəfindən təsis edilmiş, mülkiyyətində 967 min manat dəyərində qida məhsulları istehsal zavodu olan “Abad Şəmkir” MMC-nin bütün paylarını yenə oğlu Adilə cəmi 180 manata satılmasını təmin edib.

Bundan başqa, Alimpaşa Məmmədov Şəmkir rayonu ərazisində abadlıq işlərinin görülməsi ilə bağlı “Ağstafasutikinti” MMC-nin hesabına köçürülmüş yüz minlərlə manat dövlət vəsaitini mənimsəməkdə təqsirli bilinir. Ona verilən ittihamlardan biri Şəmkir rayonu ərazisində dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına tikinti və abadlıq işləri, əsaslı və cari təmir, habelə yolların təmir edilməsi ilə bağlı işləri yerinə yetirən ayrı-ayrı şəxslərdən 1 milyondan çox rüşvət almasıyla bağlıdır.

Alimpaşa Məmmədova qarşı irəli sürülmüş ittihamlardan biri rüşvət yoluyla əldə etdiyi 832 min manatı oğlu Adilin adına təsis etdiyi “Az Forel” MMC-nin Şəmkir rayonunda yerləşən balıqyetişdirmə və emalı müəssisəsinin tikintisinə və digər xərclərinə yönəltməklə cinayət yolu ilə əldə etdiyi külli miqdarda pulu leqallaşdırıb.

Alimpaşa Məmmədovun xidməti və yaşayış yerlərinə baxış zamanı müxtəlif vəzifəli şəxslərdən, o cümlədən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin siyahıları, pul vəsaitləri, sənədlər, iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb.

 

Toplum TV