2022-ci ildə AİHM Azərbaycanla bağlı 23 qərar qəbul edib, 2170 ərizə ilə bağlı qərarlar gözlənilir

Operativtv.com Turana istinadən xəbər verir ki, AİHM 2022-ci ildə Azərbaycanla bağlı mahiyyəti üzrə 23 qərar qəbul edib, həmin qərarların 22-də iddia edilən pozuntuların əksəriyyəti tanınıb.

Bu barədə AİHM-nin Azərbaycanla bağlı qərarlarının monitorinqi qrupunun rəhbəri Xalid Ağaliyev Strasburq Məhkəməsinin rəsmi statistika hesabatına istinadla bildirib.

2022-ci ildə Azərbaycana münasibətdə ən çox azadlıq və toxunulmazlıq hüququnun pozuntusu tanınıb – 9 qərar. 7 işdə ədalətli məhkəmə araşdırması, 3 işdə mülkiyyət, 2 işdə şəxsi həyata hörmət, 2 işdə birləşmək, 1 işdə işgəncənin yolverilməzliyi, 1 işdə yaşamaq hüququnun pozulduğu barədə qərar verilib.

AİHM indiyə qədər Azərbaycanla bağlı mahiyyəti üzrə ümumilikdə 274 qərar qəbul edib. Həmin qərarların yalnız 3-də pozuntu tapılmayıb.

AİHM indiyə qədər Azərbaycana münasibətdə ən çox ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu barədə qərar verib – 126 qərar. Azadlıq və toxunulmazlıq hüququnun pozuntusu 96 qərarda tanınıb. 57 işdə işgəncəyə məruz qalmamaq, 47 işdə mülkiyyət, 43 işdə isə birləşmək hüququnun pozuntusu tanınıb. AİHM seçki hüququnun pozuntusunu ən çox Azərbaycana qarşı işlərdə tanıyıb – 25 qərar. Konvensiyanın 18-ci maddəsinin pozuntusu kateqoriyasında da Azərbaycan AŞ ölkələri arasında 1-ci yerdədir.

Azərbaycan AİHM-də qərar qəbul edilməsi gözlənilən ərizələrinsayına görə 8-ci yeri tutur.